Pandemiya dövründə məktəblər

29

Bu gün dünyada tüğyan edən yeni növ koronavirus (COVID-19) pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə — virusla mübarizə aparır, digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir, bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir.

Ağlımıza belə gəlməzdi ki, nə vaxtsa bir-birimizlə canlı ünsiyyət qurmaqdan ehtiyat edəcək, həyat dolu günlərimizdən uzaq düşəcəyik.  Artıq neçə aydır ki, insanın-insandan qaçdığı bir dövrü yaşamaqdayıq.  Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də məlum vəziyyətlə bağlı təhsil sahəsində yaşanan çətinliklərdir. 2020-ci ilin martın 3-də COVID-19 pandemiyasının yayılması səbəbi ilə ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı. Neçə müddətdir ki, şagird səsinə həsrət qalan məktəblərdə,  boş sinif otaqlarında səssizlik hökm sürür.

Qeyd etdiyimiz kimi, pandemiya bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşmədi. Lakin bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin  reallaşdırdığı layihələr, həyata keçirdiyi tədbirlər nəticəsində yaranan problemlərin həllinə  müvəffəq olundu. Belə ki, təhsil müəssisələrinin bağlandığı zaman nazirlik tərəfindən 2 telekanalda teledərslərə start verilməsinin, “Virtual məktəb” layihəsinin həyata keçirilməsinin, bunlarla yanaşı, müəllimlərin öz şagirdlərinə onlayn dərslər keçməsinin təhsilin davamlılığında, təhsilalanların təhsildən kənar düşməsinin qarşısının alınmasında əhəmiyyətli rolu danılmazdır.

Ancaq etiraf edək ki, bu gün istər müəllimlər, istərsə də şagirdlər sinifdəki  fəal təlim mühiti, canlı ünsiyyət, aktiv müzakirələr, debatlar və digər müxtəlif səpgili tədbirlərdə iştirak etmək üçün darıxıblar. Hamı yenidən öz təhsil müəssisəsinə dönəcəyi günləri gözləyir…

Bildiyimiz kimi, mart ayından bütün dünyanı bürüyən COVID-19 səbəbi ilə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tədris ənənəvi formadan onlayn tədrisə keçmişdir. Bu, məcburiyyətdən yaranan çıxış yolu idi ki, bunu da Azərbaycan Respublikası Təhsil Nazirliyi, fədakar müəllimlər çox layiqincə yerinə yetirdi. Çünki tədrisin həm onlayn, həm də teledərslər vasitəsilə əlçatan olmasını həll etmək, şagirdləri tədrisə cəlb etmək, bundan əlavə qısa zamanda virtual məktəb layihəsini həyata keçirmək o qədər də asan bir iş deyildi.

Görülən iş valideyn və müəllimlər tərəfindən də alqışlandı. Lakin keçdiyimiz bu 6 ay bizə onu da sübut etdi ki, istər teledərslər, istər onlayn dərslər məktəblilər üçün üz-üzə təhsilin yerini verə bilmədi. Çünki aşağı yaşlı şagirdlərin kompüter qarşısında saatlarla oturmasına baxmayaraq, mənimsəmə ürəkaçan deyil. Bu, bir həqiəqtdir. Bununla bağlı aprel ayından 1000 nəfərdən çox valideynlə apardığımız statistikanın nəticəsi (https://muallim.edu.az/news.php?id=10913) o idi ki, valideynlərin əksəriyyəti onlayn təhsilin keyfiyyətindən razı olmadığını və üz-üzə təhsilə ciddi ehtiyac duyduqlarını qeyd etdi.

Pandemiyanın tüğyan etdiyi bu dövrdə demək olar ki, ən böyük zərbəni təhsil mühiti aldı. Təhsil isə demək olar ki, xalqımızın əksər hissəsinə birbaşa və ya dolayısı ilə aiddir. Bunun üçün də ən böyük çaşqınlıq da məhz bu sahələrdə yarandı. Çünki bizim valideynlər övladlarının təhsili ilə bağlı çox tələbkardır və bu aylar göstərdi ki, sərt karantin dövründə belə, bəzi valideynlər evlərinə özəl müəllim dəvət etdi, uşaqları  repetitor yanına göndərdi. Bu çaşqınlıq zamanı sistemsiz də olsa, şagirdlərin hərəkətliliyi də narahatlıq doğuran amil idi. Çünki ən azından 9 və 11-ci sinif şagirdləri buraxılış və qəbul imtahanlarında iştirak etməli idilər və bunun üçün də hazırlığa ehtiyac var idi. Elə buna görə də onlar müxtəlif formalarda hazırlıqlarına diqqət çəkdi, dərslərinə davam etdi. Nəticədə isə biz hər hansı bir şagirdin yoluxması xəbərinə rast gəlmədik ki, bu da sevindirici haldır.

Onlayn təhsil zamanı illik qiymətləndirmələrin də sual altında olması danılmaz faktdır. Çünki Azərbaycan Respublikası Təhsil Qanununa əsasən orta məktəblərdə distant təhsillə bağlı hər hansı bir Qanun və ya fikir yoxdur. Bu da onu göstərdi ki, təhsilin ikinci yarımilinin qiymətləndirməsi də formal olaraq həyat keçirildi.

Onlayn təhsillə bağlı yaşanan sıxıntılardan ən böyüyü isə texniki problemlər idi. Kiminsə internet problemi, kiminsə kompüter, avadanlıq problemi bu işdə ciddi narahatlıq yaradan amillərdən oldu. Çünki çoxuşaqlı ailələrdə kompüterin, telefon və digər lazımi avadanlığın,  evdəki otaqların sayı bu prosesi xeyli axsatdı.

Və bizi qarşıda yeni tədris ili gözləyir… Bir tərəfdə hər an yenidən dalğalanacaq virus təhlükəsi, digər bir tərəfdən isə son 6 ayda təhsildən, məktəbdən, şən həyatdan uzaq düşmüş şagirdlər və hər gün onların “Məktəblər nə vaxt açılır, nə qədər evdə qalacağıq, darıxıram axı..” suallarına cavab tapa bilməyən valideynlər… Hamımız yaxşı bilirik ki, məktəb sadəcə təhsil ocağı deyil, həm də tərbiyə ocağıdır. Şagirdlər məktəblərdə həyatı, danışmağı, ünsiyyət qurmağı, məsuliyyəti, davranış qaydalarını öyrənir. Çünki məktəb bir ictimai mühitdir, uşaqlarımız orada addım-addım sabaha hazırlanırlar. İstər valideyn, istər müəllim, istərsə də rəsmi qurumların hər hansı bir qərar verməsi çox çətindir və anlaşılandır. Məktəbləri ənənəvi açaq, yoxsa onlayn? Və ya bu ikisinin ortasında olan hibrid modeldə?!

Bu yaxınlarda Təhsil naziri Emin Əmrullayev fikirlərini bildirməsi üçün ictimaiyyətə də müraciət etdi ki, bu da hər kəs tərəfindən sayğı ilə qarşılandı. Çünki hər kəs veriləcək qərarda öz arzusunun, istəyinin həyata keçməsini görmək istəyir. Bu müraciət isə çoxdan yığılıb qalan sualların bir daha canlanmasına vəsilə oldu. Həm təhsillə yaxından məşğul olduğum, həm də ictimaiyyətlə sıx əlaqədə olduğum üçün etiraf edim ki, cəmiyyətdə bu məsələ ilə bağlı fərqli yanaşmalar ortaya çıxır. Məktəbin açılmasını, şagirdlərin məktəbə qayıtmasını istəyənlər, virus təhlükəsindən narahat olduqları üçün yarana biləcək sağlamlıq təhlükəsindən haqlı olaraq qorxanlar var.

Həmçinin Təhsil İnstitutunun ictimaiyyətə təqdim etdiyi son material da yerinə düşdü, müəyyən fikirlərin, müzakirələrin getməsi ilə bağlı təhsil ictimaiyyətində az da olsa, narahatlığı aradan qaldırdı, canlanma yaratdı.

Əlbəttə, biz məktəblərin taleyi ilə bağlı qərar verən zaman dünya təcrübəsinə və bu prosesə necə yanaşıldığına diqqət yetirməliyik. Məhz bu məqsədlə də aşağıda bir çox xarici ölkənin məktəblərlə bağlı qərarlarını diqqətinizə çatdırmaq istərdim.

BÖYÜK BRİTANİYA

“Uşaqların məktəblərə qayıtmamağı, onlara koronavirusdan daha çox zərər verə bilər”. Bu sözləri Böyük Britaniyanın Baş həkimi, professor Kris Uitti söyləmişdir. O, həmçinin qeyd etmişdir ki, uşaqların bu virusdan həyatlarını itirmə şansı olduqca kiçikdir, amma dərsləri davam etməmələri onlara daha uzunmüddətli ziyan yetirmiş ola bilər. Yaxın həftələrdə milyonlarla İngiltərə, Uels, Şimali İrlandiya şagirdləri məktəblərinə qayıdaraq, dərslərə başlayacaq. Böyük Britaniya hökuməti bütün yaş qrupları üzrə şagirdlərin məktəbə gəlməsini nəzərdə tutub. Şotlandiyada isə artıq məktəblər açılıb. Məktəblərdə bu qaydalara əməl olunması şərtdir:

  • * COVID-19 simptomları olan şagird və müəllimlərin məktəbə buraxılmaması;
  • * əllərin tez-tez yuyulması;
  • * asqıran və öskürən zaman kağız salfetlərdən istifadə olunması və digər gigiyena qaydalarına əməl etmək üçün ehtiyac olan vasitələrin təmin edilməsi;
  • * təmizlik və gigiyena prosedurlarının sayının artırılması;
  • * mümkün qədər sosial məsafənin azaldılması;
  • * 11 yaşdan yuxarı şagirdlərdən maska taxılmasının tələbi (qeyd edək ki, maska yalnız şagirdlərin tənəffüs zamanı və ya otaq dəyişikliyi zamanı tələb olunur, sinifdə dərs zamanı taxılmasına tələb yoxdur).

LİTVA

Litva Radio və Televiziya qurumunun verdiyi məlumata görə, bağçalar may ayının 18-dən etibarən açılmışdır. Qeyd edək ki, “Reuters”in verdiyi məlumata əsasən, Litva hökuməti məktəb və bağçaları martın 12-dən bağlamışdı. Sentyabrın 1-dən siniflərdə dərslər başlayacaq. Lakin 100000 nəfər əhali sayına görə 16 koronavirus yoluxma halı olan ərazilərdə maska taxılması məcburi, 100000 nəfər əhali sayına görə koronavirus yoluxma sayı 25-dən artıq olarsa, məsafədən tədris olacaq.

MACARISTAN

Koronavirus pandemiyası səbəbi ilə Macarıstanda məktəblər mart ayının ortalarından bağlanmışdı. Məktəblərin yenidən açılması iyun ayının 2-dən reallaşmağa başladı. Təhsil kiçik qruplarda apaılırdı və məcburi deyildi. “July Reuters Report”un verdiyi məlumata görə, yeni dərs ili siniflərdə sentyabrın 1-dən başlayacaq.

AVSTRİYA

Avstriya müəyyən sosial məsafə gözləməklə buraxılış sinifləri üçün dərsləri siniflərdə təşkil etmişdir. Bəzi məktəblər sinifləri idman zallarına köçürərək sosial məsafəni gözləmişlər. Digərlərində isə siniflər iki yerə bölünərək məsafəni təmin etmişdir.

TAİLAND

Tailand məktəbləri hərarətin ölçülməsi, partalar üçün arakəsmələrin hazırlanması kimi təhlükəsizlik önləmləri alaraq məktəbləri iyulun 2-dən etibarən açmışdır. “Blumberq”in 7 avqust məlumatına görə, gələn həftədən məktəblər heç bir sosial məsafə tələbi olmadan açılacaq, belə ki, ölkədə artıq bir dənə də olsun koronavirus halı aşkarlanmayıb.

BELÇİKA

Ölkədə ibtidai və orta məktəblərin buraxılış sinifləri sosial məsafə qaydalarına əməl etməklə may ayından dərsləri siniflərdən keçmişlər. Siniflərdə şagird sayı 10 nəfər olmalı, 12 yaşdan yuxarılar isə maska taxmalı idilər. İyunda bağçalar açılmış və orta məktəb şagirdləri məktəblərə sosial məsafə gözləmədən gəlmişlər.

TAYVAN

Tayvan rəsmi olaraq məktəblərin bağlanmasını elan etmədi, əvəzində fevral ayında olan qış tətilini 10 gün uzadaraq, bu zamanı virus əleyhinə lazımi tədbirlərin planlaması, ehtiyac olan dərman və gigiyena vasitələrinin əldə edilməsinə ayırdı.

(www.businessinsider.com/photos-show-schools-reopening-around-the-world-coronavirus-2020-4#schools-are-reopening-in-parts-of-europe-and-asia-with-some-dropping-social-distancing-measures-that-limit-full-time-schooling-like-scattered-attendance-the-washington-post-reported-1)

29 ölkənin təcrübəsi və ssenarisi üzrə ümumi məlumat olaraq deyə bilərəm ki, bir çox ölkələr müəyyən önləmlər alaraq, aprel və may aylarından hissə-hissə və ya tam olaraq məktəbləri açmışlar. Finlandiya, Polşa, Xorvatiya, Yeni Zelandiya, Danimarka, Yaponiya, Belarus, Albaniya kimi ölkələr təxmini eyni ssenarini izləməklə (sosial məsafə, siniflərdə şagird sayının az olması, hərarətin ölçülməsi və s.) mayın əvvəlləri və ortalarından tədrisi davam etdirmişlər (Yaponiya istisna olmaqla, o aprel ayından yeni tədris ilini elan etmişdir).

Uşaqları məktəbsiz, məktəbi uşaqlarsız təsəvvür etmək mümkün deyil. Çünki müasir təhsilin ilk tələbi budur ki, məktəb bilik, yaddaş formalaşdırmaq məkanı deyil, məktəb şagirdlərin cəmiyyətə hazırlandıqları kiçik bir dünyadır. Onlar maksimum hərəkət etməli, qaçmalı, oynamalı, gülməli, əylənməlidir. Psixoloji durumları, əhvalları yüksək olmalıdır. Lakin hər gün evə qapanmaqla, kompüter qarşısında olmaqla bunu əldə edə bilmərik.

Düşünürəm ki, Azərbaycandakı hazırkı durumu nəzərə alaraq, məktəblərin müəyyən formada üz-üzə təhsilinə şərait yaradıla bilər. Nəzərə alaq ki, artıq insanlarımız 5-6 ay bundan öncəki kimi məlumatsız deyil, özünü və ətrafını qorumaqla bağlı xeyli maariflənib, yoluxanların sayı ölkə əhalisinin sayına nisbətdə elə də yüksək deyil, karantinin yumşaldılması ilə bağlı işgüzar valideynlər işinə qayıdıb və övladlarının evdə qalması ciddi problemlər yaradır. Məktəb həm də hərəkətlilik deməkdir ki, məktəb olmadıqca ölkə iqtisadiyyatına da ciddi zərbələr dəyir. Uşaqların yoluxma halının həddindən artıq az olması da buna imkan verir ki, onlar məktəbə qayıtsın. Amma müəyyən qaydalar qorunması şərtilə əlbəttə ki. Bu qaydaları Təhsil İnstitutu geniş formada izah etsə də, bu yazıda da bəzi məqamlara toxunmağı özümə borc bildim.

Məktəblər hibrid formada açılarsa:

  • 1. Siniflər iki yerə bölünərək alt-üst həftə olaraq həftənin iki günü bir yarısı, üç günü isə digər yarısı məktəbə gəlməli;
  • 2. İki yerə bölünmüş siniflərin evdə qalan şagirdləri dərslərdə Microsoft Teams platforması ilə canlı şəkildə iştirak etmə imkanı yaradılmalı. Bunu etmək o qədər də çətin deyil, müəllim onlayn dərsi necə keçirdisə, noutbuku vasitəsi ilə bunu təşkil edərək, sinifdəki dərsi şagirdin evdən izləməsinə şərait yaradılmalı;
  • 3. Tədris planına yenidən baxaraq, müəyyən saatları azaltmaqla şagirdlərin məktəbdə az olmasına şərait yaratmalı;
  • 4. Yeni tədris ilindən başlayaraq ayda 2 dəfə məktəbin bütün ərazisi dezinfeksiya edilməli. Gündəlik olaraq isə bütövlükdə binanın təmizlik və gigiyenası xüsusi dezinfeksiyaedici məhlul və vasitələrlə aparılmalı, girişlərdə və hər mərtəbələrin dəhlizində əllərin gigiyenası üçün dezinfeksiya məhlulları olan qablar yerləşdirilməli, hər səhər istilik ölçmə cihazları ilə şagirdlərin və müəllimlərin istiliyi ölçülməli, qızdırması normadan yüksək olan şagird və ya müəllim qeydə alınarsa, tədbir görülərək evə göndərilməli, valideynlər və digər qonaqlar məktəb daxilinə buraxılmamalı;
  • 5. Hava şəraiti imkan verdiyi təqdirdə, uyğun dərslər maksimum açıq havada tədris edilməli;
  • 6. Tənəffüs saatları və idman dərsləri şagirdlər üçün hazırlanmış xüsusi təmassız oyunlarla həyata keçirilməli;
  • 7. Məktəbin xüsusi güşələrində, siniflərdə maarifləndirici posterlər asılmalı, hər gün ilk dərsin 3-5 dəqiqəsi virusdan qorunma ilə bağlı məlumatlandırma ilə həyata keçirilməli;
  • 8. Şagirdlərin gigiyena qaydalarına əməl edilməsinə hər sinif rəhbəri tərəfindən xüsusi nəzarət edilməli;
  • 9. Məktəb həkimləri və tibb bacıları gücləndirilmiş rejimlə işləməlidirlər.

Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, hər şeydən öncə insanlarımızın sağlamlığıdır. Bunun üçün də Operativ Qərargahın, Təhsil Nazirliyinin məktəblərlə bağlı verəcəyi qərarların, məhz buna xidmət edəcəyinə şübhə edə bilmərik. Dövlətimizin daha düzgün bir variant tapacağına bir valideyn, bir müəllim kimi ümidliyəm!

Şəmil SADİQ,
Təhsil texnoloqu, filologiya üzrə fəlsəfə doktoru, dosent