Belə alındı…

25

Rafiq HUNALTAY

Celal Şengörün “Dahi Diktator” kitabını bu yaxınlarda oxudum bitirdim. Orada bir fakt marağımı o qədər çəkdi ki, bəzi yaşadıqlarımı da əlavə etməklə bu yazını yazmaq qərarına gəldim. Yazının adı “Belə alındı”dır. Sona qədər oxusanız, adın niyə belə olduğunu biləcəksiniz.

Kitabda yazır ki, 2-ci dünya müharibəsindən öncə Almaniyada yəhudi əsilli alimlər, sənət adamları təqib edilirdi. Nəticədə bir xeyli professional mütəxəssis işsiz qalmışdı. Filip Şvarts rəhbərliyində İsveçrədə bir təşkilat qurulur və bu cür “işsizləri” digər dünya dövlətlərinə təklif etməyə başlayırlar. Atatürk də fürəsti əldən verməyib “ən yaxşılarını istəyirəm” deyib fərqli sahələrdə ən yaxşı biliciləri Türkiyəyə gətizdirir. Nəticədə gələn o mütəxəssislər hər biri Türkiyədə öz sahəsinin təməlini qoyur. Çox qısa müddətdə yaranmış fürsəti əldən verməyən Atatürkün uzaqgörənliyi sayəsində Türkiyədə müxtəlif elm sahələrinin əsası qoyulur. Dəvət edilmiş müəllimlər, hamısı ölənədək türk universitetlərində dərs deyirlər.

Hətta belə bir maraqlı hadisə də olur. Dünyada ən güclü diş mütəxəssisi sayılan professor Kontoroviç olur. Kontoroviç kampda olduğundan Şvartz Atatürkə Reyx hökümətinin onu verməyə razı olmayacağını bildirir. Atatürk xarici işlər nazirliyi vasitəsilə Alman hökümətinə Kontoroviçi istədiyi barədə məktub ünvanlayır və bu məktuba 2 ay cavab verilmir. Bunun ardından Almaniyaya “bu etdiyiniz türk dövlətinə qarşı qəsdən atılan addımdırmı” tipli nota verilir və 48 saat sonra Kontoroviçi buraxırlar və O, Türkiyədə diş həkimliyinin əsasını qoyur.

Bu faktı ilk dəfə bu kitabdan oxuyurdum deyə çox təsirlənmişdim. Məhz belə anlarda Atatürkün dahiliyini, onun təhsilə necə önəm verməsini və bu addımların təbii nəticəsini anlamaq çətin olmur. Bəs bugün bizdə nə baş verir. Xaricdə oxuyan gənclərimizin çoxu ümumiyyətlə geri qayıtmaq istəmir. Qayıdanların bir çoxu vaxtilə yazdığım “3B1D” yazısından olduğu kimi özlərini aparır, duruma uyğunlaşa bilmir və ya istəmir.  Bir qismi də “palaza bürünüb elnən sürünür”. Akademik karyera qurmağı planlayanlara cəmiyyət də qəribə baxır. Düzdür, ildən-ilə müsbət mənada addımlar atılır və fərq hiss olunur. Amma sürətdə geri qalırıq. Xalxın uşağının 20 il qabaq etdiyini biz indi tətbiq edəndə gələcəyimiz də insanı narahat edir. Məsələn, biz müqayisə edəndə hər şeyi xariclə müqayisə edirik. Amma onların zamanında atdığı addımları atmaq istəmirik. Bu addım inanın ki, elmdir, təhsildir və başqa da bir şey deyil.

Türkiyədə özəl məktəblərin sayı 9000-ə qədərdir. Ümumilikdə isə 17 milyon şagird, tələbədən 1 milyon 200 mini özəl təhsil müəssisələrində təhsil alır. Azərbaycana aid statistikaları bilmirəm, daha doğrusu axtardım, tapa bilmədim. Amma statistikanı bilməsəm belə heç kim sirr deyil ki, özəl məktəb və universitetlər dövlət təhsil müəssisələri ilə müqayisədə xeyli irəlidədir.

Bu yaxınlarda milyon cür sənəd yığıb maarifləndirmə sahəsində bir QHT yaratmaq istədim, 3 dəfə sənədimi müxtəlif bəhanələrlə geri qaytardılar. Özü də bütün səhvləri bir məktubda desələr dərd yarı. Birini düzəldirsən, 2 prosedur çəkir sonra o birini elan edirlər. Bir sözlə demək istəyirlər ki, “paraşüt yoxdur”. Qurunun oduna yandırdığımız yaşların ahı heç kimi yox, elə birbaşa gələcəyimizi tutur. Axırda da bu “sevdadan vaz keçtim” getdi. Məncə, birlikdə itirdik.

Forumlarımız yeni məkana keçir

Məsələn, bu yaxınlarda il ərzində forumlarımızı keçirmək üçün məkan axtarışında idik. Çox düşündükdən sonra birmənalı olaraq Avropa-Azərbaycan məktəbini seçdik. Fürsətdən istifadə edib Tural bəyə təşəkkür edirəm.  Təsəvvür edin, mən otellərdə belə o keyfiyyətdə konfrans zalı görməmişəm. Son forumlarımızın hamısı demək olar ki, Pullman oteldə olurdu. Amma bu mövsümdən qərar verdik ki, həm keyfiyyət, həm də gördüyümüz işə qiymətvermə və işin ciddiyətini anlama baxımından özəl müəssisələrin yerini heç nə vermir. Düzdür, özəl müəssisələr içərisində də elələri var ki, müştəri yanaşmaları insanı “valeh” edir. Orada da problem əslində yenə təhsil problemidir. Yəni işçilərin təhsil səviyyəsi yetərli deyil ki, özəl müəssisəni o cür idarə edirlər.

Dövlətlə özəlin fərqi

Bugün “Böhrandan Yeni Dövrana” və “Bugünün marketinqi 2” kitablarını vermək üçün Axundov adına kitabxanaya getmişdim. Müşahidəni sevirəm və mütləq deməliyəm ki, bir çox dövlət müəssisələrində işləyən cavan xanımların əksəriyyəti bir-birinə o qədər oxşayır ki, təəccüblənirsən. Məsələn, elmi-metodiki şöbənin qabağından keçirsən ki, içəridə 4-5 qız dünən olan nəyisə müzakirə edir. Qapıdan sən baxanda sanki onun evinə icazəsiz baxırsanmış kimi baxışlar falan. Universitetlərdə işləyən laborant və ya xidməti işçilər də eynidir. Sual verəndə adam utanır ki, onları narahat edirsən, sənə cavab vermək üçün yerlərindən dururlar. Yeni kitabların qəbul şöbəsində çalışan işçiyə deyirəm ki, bəs Siz məndən soruşmadız axı, bu kitab nəyə aiddir, hansı kateqoriyaya daxildir və s. Deyir ki, üstündə yazılıb özləri baxacaqlar yəqin. Bilmirəm, bəlkə də prosedur elədir, amma onu dəqiq bilirəm ki, “bivec” yanaşma insana xoş gəlmir və səni oradan soyudur. Halbuki kitabxanaya təmənnasız kitablardan vermək üçün gəlmişdim ki, istəyən hər formada kitaba çata bilsin.

Amma Sizə əvəzində başqa nümunə deyim. Elə eyni məqsədlə bugün dostumuz Musadan “AzBook” dağıtım şirkətinin kontaktını aldım. İlk danışıqda “kitabın hərəsindən 1 nüsxə verməlisiniz, standartlarımıza uyğundursa, dağıtımını edə bilərik” deməsi qəribə gəlmişdi. Bu arada qeyd edim ki, adını çəkdiyim şirkət Azərbaycanda özəl və sistemli şəkildə kitab dağıtım işini görən yeganə şirkətdir. Şirkət həm də 100-ə yaxın yerli və xarici nəşriyyat evlərinin təmsilçiləridir. Əlqərəz, Akif müəllimlə görüşəndən sonra müsbət mənada təəcübləndim ki, işinə belə yanaşan rəhbərlər var. Onların sayəsində bir müəllif olaraq daha mağaza-mağaza düşüb kitab vermək əziyyətindən xilas oldum. Ümumiyyətlə, hərə öz işini görsə, yaxşıdır. Amma, məsələn, Akadem Kitaba getsəz, oradakı “sarı kartoçkalardan” hər şey aydın olacaq. 21-ci əsrdə kitabı təhvil verəndə sizə verilən kağızın əslini tələb edənləri də var. Yəni fərq yerlə göy arasındadır.

Maraqlı keyslər 

Sizə nədən yazım. Dövlətə aid məkanların birində (adını çəkməyim) rəhbərlik bizə bildirmişdi ki, ilk sıranı boş saxlayın hər an Mədəniyyət Nazirliyindən kimsə gələ bilər. O zaman biz izah edə bilmədik ki, qardaş, biz pulunu verib yeri icarə götürürük, mədəniyyət nazirliyinin əməkdaşının bizim tədbirdə nə işi var. Yenə adını çəkməyim, bir yer isə bizə dedi ki, icarə verə bilərik, amma gərək tədbirin əvvəlində nəsə muğam zad verəsiniz. Açığı yer çox xoşumuza gəlmişdi, amma tədbirin mahiyyəti ilə muğam arasındakı “incə əlaqəni” heç cür qura bilmədik deyə alınmadı. Son forumlarımızın birində isə məkan sahibinə tədbirimizin formatı haqqında məlumat verəndə bizə öz bildiyi formanı yeritməyə çalışmışdı. Etiraz edəndə, məndən yaşımı soruşdu, dedim 33. Dedi mənim burada 35 il iş stajım var, hər halda mən səndən çox bilirəm. Halbuki onun məndən çox bilməsinə heç bir şübhəm yox idi, amma öz tədbirimizin formatını da hərhalda biz daha yaxşı bilirdik. Yəni dövlətə məxsus yerlərin bir çoxunda çox maraqlı insanlar çalışır. Pulunu verirsən icarəyə götürürsən, amma o sənə yenə də müştəri kimi yox, sıravi bir işçisi kimi yanaşır.

Kütlə psixologiyası üzrə professor Robert Edgerton yazır: “Xəstə toplumlar öz üzvlərinə o qədər əziyyət edirlər ki, üzv fürsət tapan kimi qaçmaq istəyir və qaçır.” Bugün yəqin ki, Siz də şahidi olursunuz ki, fürsət tapan bir çox insan getmək istəyir. Ümumiyyətlə, tarixdə köç prosesi daha yaxşı şərait səbəbilə baş verib. Köçmək insanın minillik təbiətində var yəni. İnsan daha yaxşı yeri həmişə axtarır və tapanda köçür. Biz isə elə etməliyik ki, yaşadığımız yer ən yaxşı yerlərdən olsun. Yoxsa, təbii köç başlayacaq və bundan geridə qalan toplum itirəcək. Müxtəlif uğursuzluqlarımıza qarşı gələcək nəsillərin sualına isə “BELƏ ALINDI” deməkdən başqa çarəmiz qalmayacaq.

Bugün hamımız əlimizi daşın altına qoyub hər birimiz öz sahəmizdə faydalı olmağa çalışsaq, ən pis halda isə faydalı olana mane olmamağa çalışsaq, əminəm ki, hər şey çox gözəl olacaq.