Azərbaycanın Qarabağ bölgəsində tarix və mədəniyyət abidələri

26

I hissə
Qarabağ dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının yaşadığı ərazidir. Bu yer Şelldən əvvəlki mədəniyyətin daşıyıcılarının tarixini davam etdirən tarixi-coğrafi ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının tunc və dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.

Arxeoloji qazıntılar nəticəsində Qarabağ bölgəsində aşkar edilmiş, daş dövrünün ilk mərhələlərini özündə əks etdirən Azıx və Tağlar abidələrinin tədqiqi həmin abidələrin burada daş dövrünün bütün sonrakı mərhələlərindən keçdiyini göstərir. Məlum olur ki, dünyanın ən qədim paleolit düşərgələrindən biri olan Azıx mağarası insanın əmələ gəlməsi, onların həyat tərzi barədə qiymətli məlumatlar əldə edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Azıx mağarasının ən qədim (5-10-cu) təbəqələrindən aşkar olunmuş materiallar cəmiyyət tarixinin ilkin çağına — Şell (Fransa ərazisində) mədəniyyətindən əvvəlki dövrünə aiddir. Azıx düşərgəsindən toplanmış materiallar kompleksi tədqiqatçılar tərəfindən “Quruçay mədəniyyəti” adlandırılıb (1,2 milyon — 700 min il əvvəl). Azıx sakinlərinin hazırladıqları ilk əşyalar çapacaqlar, qazıyıcı və deşici alətlərdən ibarətdir. Azığın ən qədim dövr materialları Olduvey (Şərqi Afrika) mədəniyyəti ilə oxşardır.

Əzəmətli Azıx mağarasının divarlarını çoxlu təbii stalaktik formalar bəzəyir ki, bunlardan sonralar orta əsr Azərbaycan memarlığında da geniş istifadə edilib.
Qarabağın ən qədim dövrə aid abidələrindən biri olan Qaraköpəktəpədə (Füzuli) 3 metr qalınlığında mədəni təbəqədən çay daşlarından inşa edilmiş möhtəşəm müdafiə səddi və digər tikili qalıqları aşkar edilib. Abidədən boz, qara rəngli basma naxışlı qablar və az da olsa, monoxrom boyalı qablar, həmçinin iy başlıqları, muncuqlar, daş alətlər, gildən düzəldilmiş kiçik fiqurlar tapılıb.

Qarabağ ərazisinin son tunc və dəmir dövrünə aid Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələri də böyük bir qrup təşkil edir. Bu dövrün abidələri cənub ölkələri ilə çox sıx əlaqələrin mövcud olduğunu təsdiq edir. Qarabağ zonasında dəfn abidələrinin tayı-bərabəri olmayan Xocalıda üzərində Assuriya çarı Adadnerarinin adı olan aqat mixi yazılı muncuq dənəsi tapılıb.

Ümumi kütlə içərisindən irəli çıxmış maldar tayfalar mədənlərlə zəngin olan rayonların sahiblərinə çevrilirdilər. Bu rayonlardan bəziləri, o cümlədən Qarabağ bölgəsi gələcəkdə dağ-mədən işinin və metal emalının mərkəzlərinə çevrilməli idi.

Ardı var…

Qasım Hacıyev
AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru