Azərbaycanın dünyadakı ilkləri

39

Dünyada baş verən ”İlklər” daim insanların maraq dairəsində olmuşdur… “İlk dəfə telefon nə vaxt və hansı ölkədə ixtira olunub?”,  “İlk dəfə maşın nə vaxt və hansı ölkədə ixtira olunub?”.  İlk yazı, əsər, mahnı, kino, teatr, muzey, şair, aktyor, elmi kəşf, imtahan sistemi, hətta ilk insanın nə vaxt, harda yaranması və kim olması  daim beyinlərdə müəyyən suallar və maraqlar yaratmışdır. Bu və bu kimi digər “İlklər” tarixin müəyyən dövründə, fərqli ölkə və insanlar tərəfindən meydana gəlmişdir. Dünyanın müxtəlif ölkəsində bizi maraqlandıran “İlklərin” kəşfini tapa bilərik. Məsələn, telefonun nə vaxt kəşf olunması ilə əlaqədar bir çox mübahisələr mövcuddur.

1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün “Bell Telephone Company” adlı şirkətini qurdu. Bu tarixdən etibarən telefon insanlar arasında sürətlə yayılmağa başladı. Bir il sonra – 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu. Daha sonra mobil telefonlar ixtira olundu və bu günki günümüzü onlarsız təsəvvür etmək mümkün deyil.

Avtomobilin tarixi  19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Avtomobil tək bir şəxs tərəfindən ixtira edilməmişdir, təqribən yüzillik boyunca dünyanın hər tərəfində ortaya çıxan ixtiraların bir yerə toplanması ilə ortaya çıxmışdır

1592-ci ildə ilk dəfə cisimləri 30 dəfəyə qədər böyüdə bilən  teleskop yaradılıb

Dünya təhsil sisteminə imtahanları ilk dəfə 1792-ci ildə William Farish gətirib.

Dünyada ilk kibrit 1826-cı il ingilis kimyaçı və əczaçı Con Uoker tərəfindən hazırlanıb.

Dünyada ilk avtobus 1829-cu ildə istehsal olunub.

Göstərdiyim nümunələrdən əlavə daha çoxunu misal göstərmək olar. Dünayaya öz “İlkləri” ilə töhfə verən ölkələrdən biri də Vətənimiz – Azərbaycandır. Ən qədim məskənlərdən biri olan ölkəmiz bir sıra dəyərlərinə görə, Avropa, Qərb ölkələrinə nümunədir.  Ölkəmiz də siyasi, iqtisadi, elm və təhsil, incəsənət və mədəniyyət  olmaqla müxtəlif sahələrdə dünyada və Şərqdə “İlklərə” imza atmışdır. İndi isə İlklərimiz ilə tanış olaq.

     Şərqdə ilk diplomat qadın Qaraqoyunlar dövlətinin banisi Uzun Həsənin anası Sara Xatundur. O, Osmanlı sultan və Qərb diplomatları ilə çoxsaylı görüşlər keçirərək, ölkəsinin maraqlarını müdafiə edib.

     Şərqdə ilk Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyətidir. Müstəqil Azərbaycan Respublikasının sələfi 1918-1920-ci illərdə olub. Fəaliyyət göstərdiyi 23 ay ərzində bir sıra dünya miqyaslı ilklərə imza atıb. Azərbaycan Demokratik Cümhuriyyətimizin yaradılmasında və ona rəhbərlik edilməsində Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun böyük rolu olmuşdur. İtirilmiş dövlətçiliyimizin bərpası olan cümhuriyyətin yaradılması Azərbaycan üçün çox mühüm sayılan ilklərdən biri idi. Belə ki,məhz ilk dəfə cumhuriyyəti bütün dünya ölkələri bir dövlət kimi tanıyaraq onun suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmışlar. 23 ay yaşasa da bu dövlət Azərbaycanın müstəqil dövlət idarəçiliyinin onurğa sütunun hesab edilən parlament, nazirlər kabineti, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil və ordu quruculuğu ilə bağlı çoxsaylı işlər görmüşlər. Məhz hazırki Azərbaycan dövləti Azərbaycan Xalq Cumhuriyyətinin qoyub getdiyi təməllər üzərində qurulmuş və onun hüquqi varisidir. 

     İlk dəfə olaraq Demokratik quruluşlu ölkələr arasında bayraqda 8 guşəli ulduz məhz Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət bayrağında istifadə edilmişdir. Hətta Türkiyə Cumhuriyyətinin hazırda istifadə etdiyi 5 guşəli bayrağın məhz Azərbaycanın bayrağının ilkin formasından ilham alınaraq hazırlandığı ilə bağlı çoxsaylı fikirlər və iddialar da mövcuddur. Çünki, Türkiyə Cumhuriyyəti Azərbaycan Xalq Cumhuriyyətindən 5 il sonra yaranıb.

 Şərqdə qadınlara seçki hüququnun verilməsi də Azərbaycanın sahibləndiyi ilklərdən biridir.

     O dövr üçün bu hadisə müsəlman aləmində qadınların söz demək azadlığının olduğunu bildirən əsas sübutdur. Hansı həmin vaxt hələ Avropa ölkələrinin bir çoxunda qadınlara seçki hüququ tam verilməmişdi.

     Dünyanın ən hündür bayraq dirəyi 2010-cu ilin sentyabrın 1-də Azərbaycanın paytaxtında istifadəyə verilib. 20 min kvadratmetr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metr, bünövrəsinin diameteri 3,2 bünövrənin üst hissəsinin diametri 1,9 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə 350 kiloqramdır. Ginnes dünya rekordlar təşkilatı 2009-cu ilin mayın 9-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyanın ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

 Zəngin neft ehtiyatları ilə tanınan ölkəmiz bu sahədə də öz sözünü tarixən demişdir.

    Dünya tarixində ilk dərin neft quyusu 1844-cü ildə Semyanovun səyi, qazma üsulu ilə Bakı mədənlərində qazılıb. Bu hadisə əllə qazmanın sonu olubş

    Dünya neft tarixində ilk dəfə buruq üsulu 1884-cü ildə istifadə olunub. Bu hadisə sonralar dünya neft elmində Bakı üsulu adı ilə məşhurlaşıb.

    Dünyada ilk dəfə açıq dənizdə neft platforması Xəzər dənizinin Azərbaycan sektorunda salınan neft daşları platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulan, Abşeron yarımadasının 42 kilometriliyində, cənub Şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilən metal dirəklərin üstündəki estakada dəniz səthindən bir neçə metr hündürlükdə tikilib. Neft daşları dünyada “8-ci möcuzə” və ya “Möcuzələr adası” adı ilə məşhurdur.

    Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri isə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadədir. 1921-ci ildə Bakının Novxanı kəndində anadan olan Lütfizadə daha sonra İrana, ordan isə Amerikaya köçüb və Kaliforniya Berkley Universitetinin ömürlük professoru adını alıb. Lütfizadə hazırda rəqəmsəl texnologiyaların istehsalı və tətbiqində işlədilən qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi tarixə düşüb. Ölümünə qədər bir çox elmi təşkilatlar, rəqəmsal texnologiya şirkətləri Lütfizadənin onlarla əməkdaşlıq etməsini özləri üçün fəxr hesab ediblər.

    Dünyada ilk dəfə anelgeziyanın kəşf edən alim Mustafa Topçubaşovdur. 1937-ci ildə Dünya Anesteziologiya elm tarixində ilk dəfə olaraq orginal keyitmə üsulunu inyeksion efir yağ narkozunu “Analgezin”i kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asablığına görə, geniş tətbiq edilməyə başlanıb.

 Yüksək oktanlı benzin və məhvedici kokteylin ixtirası

     Akademik Yusif Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu  hazırlayıb ki, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib. Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin də çox böyük əhəmiyyəti olub. Onun tərkibi Yusif Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın – əldə edilməsi əsasında işlənərək hazırlanıb. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici “kokteylin” müəllifi Yusif Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycan KPMK-nin o vaxtki I katibi Mir Cəfər Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşaraq, mayedən bir qədər buxarıya sıçradıb.  Nəticədə hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı. Hətta bu ixtiralarına görə 1957-ci ildə Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsində Yusif Məmmədəliyevin ixtiralarına görə onun Nobel mükafatına layiq görülməsi üçün namizəd seçilməsi də müzakirə olunub. Ancaq ermənilərin müdaxiləsi nəticəsində bu proses yarımçıq qalmışdı.

 SSRİ-nin Kosmik proqramlarının qurucusu Kərim Kərimov

      Raketlər və kosmik sahədə bir çox ixtiralar və təkmilləşdirmələrlə SSRİ-də bütün digər elm adamlarını ötüb keçən Kərim Kərimov 1966-cı ildə SSRİ-nin Kosmik Gəmilər üzrə dövlət komissiyasının sədri seçilərək 25 il bu vəzifədə çalışmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Kosmik araşdırmalar və elmi sahədə etdiyi ixtiralar sayəsində kosmik qoşunların general-leytenant rütbəsinə qədər yüksələn Kərim Kərimov 2003-cü ildə Moskvada vəfat etmiş orda da dəfn olunmuşdur.

      Müsəlman dünyasında ilk dünyəvi qızlar məktəbi Azərbaycanda açılıb. III Aleksandr bu məktəbin açılmasına icazə vermədikdə Hacı Zeynalabdin Tağıyev II Nokalay taxtda olduqda yenidən icazə almağa cəhd edir. Nikolayın həyat yoldaşı Aleksandra tacqoyma mərasimində ərizə verir. Bütün xərcləri ödəyəcəyini bildirmək şərtilə Banka yüksək vəsait qoymaqla 1896-cı ildə Bakının mərkəzi küçələrindən birində, 1896-1901-ci illərdə inşaatı başa çatmaqla Şərqdə və Cənubda ilk dünyəvi qızlar məktəbinin açılmasına icazə alır.

    Ölkəmiz tarixən incəsənət, memarlıq kimi sahələrdə də zəngin mədəniyyət və irsə sahib olmuşdur. Bunun nümunəsidir ki. Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası Cənubi Azərbaycanın Marağa şəhərində yerləşir . Bu Rəsədxananın banisi böyük Azərbaycan alimi, mütəffəkkiri Nəsrəddin Tusidir. Türk elminin bu şah əsəri 1259-cu ildə yaradılıb.Eyni zamanda digər faktları göstərmək olar.

     Müsəlman Şərqində opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyov idi. O, operanın liberottosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.

     Şərqdə ilk opera yazan qadın bəstəkar, mərhum xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla ümumşərq tarixində uğura imza atıb.

    Müsəlman Şərqində ilk opera yazan kişi bəstəkar da məhz azərbaycanlıdır. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasına görə həm də bu uğuruna imza atıb.

    Dünya ədəbiyyatında ilk “Xəmsə” şəkilli bədii yaradıcılıq nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. “Xəmsə” beşlik deməkdir. Bura daxil olan əsərlər 5 böyük poema şəklində olur. Nizamidən sonra hind şairi Dəhləvi, özbək şairi Əlişir Nəvai və başqları bu usual müraciət etməyə başlayır.

    Cənubi Avropa, Yaxın Şərq və Qafqazda ilk qadın pilot Leyla Məmmədbəyovadır. O, Bakı Aviasiya Klubunda peşəkar təyyarəçi olaraq yetişdirilib və ilk uçuşunu 1931-ci ildə edib.

    Dünyada ilk duz mumya Azərbaycanda tapılıb. Tapılan duz mumya insan hazırda Cənubi Azərbaycanın Zəncan şəhərindəki Mahmudxan Zülfuqari Tarix Etnoqrafiya Muzeyində saxlanılır. İlk duz-mumya insanın tədqiqi, onun tarixinin müəyyən olunması üçün Oxford Universitetinin mütəxəssisləri cəlb edilib. Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumya 2350 il əvvəl yaşayan 16-18 yaşlı gənc oğlana aiddir. O çiynində duz daşıyarkən uçqun altında qalıb. Gənc oğlanın üzərində kətan parçadan olan paltar, bıçaq, ayaqlarında olan ayaqqabılara və dərsdən olan duz kisə oz orginallığını itirmədən qorunub və xarab olmayıb. Bu, dünyada ən qədim tarixə malik olan duz-mumyadır.

     Dünya tarixində ilk dəfə Azərbaycanın Lerik rayonunda “Uzunömürlülər muzeyi” fəaliyyətə başlayıb

Muzey 1991-ci ildə tikilmişdir. Bu Muzeyin dünyanın heç bir ölkəsində anoloqu yoxdur, belə bir eksponatların nümayiş olunduğu ölkə məhz Azərbaycandadır. Muzeydə Azərbaycanda ən uzum ömür sürmüş insanlar haqqında foto guşələr və onlara məxsus əşyaların saxlandığı bölmələr var. 

     “Qoltuq Ağacı” muzeyi də ilk dəfə olaraq Azərbaycanda yaradılıb. 

Bu muzeyin eksponatları atılmış qoltuq ağaclarıdır. İlk belə eksponatlar sərgisi olan bu muzey Naftalan şəhərində yerləşir. Muzey ötən əsrin 80-ci illərinin əvvəllərindən fəaliyyətə başlayıb. 

     Dünyada ilk Miniatür Kitab Muzeyi də Azərbaycanda fəaliyyətə başlayıb.

Muzeyin açılışı 2002-ci il 23 aprel-də olub. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb. 3500-dən çox eksponatın yer aldığı bu muzey Bakı şəhərində yerləşir.

 İlk və yeganə Beynəlxalq Muğam Mərkəzi də Bakı şəhərində yerləşir.

     Bu mərkəz 2009-cu ildə fəaliyyətə başlayıb. Bu layihənin memarları Vahid Tansu, Xauiddin Yayk və Etime Ahmeddir. 

 Dünyada ilk dəfə olaraq ipəkdən Quran-i Kərim kitabını  həmyerlimiz Tünzalə Məmmədzadə hazırlayıb.

     3 il müddətində hazırlanan Quran-i Kərim kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm–dir. Kitabın hazırlanmasında 50 metr parça 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

    Ölkəmiz daim müxtəlif sahələrdə öz sözünü deməyi bacarmışdır. Bəlkə də hər sahədə ilk ola bilməmişdir ,amma daim inkişaf edən dünyada ölkəmiz də hər zaman bu yöndə çıxış etmiş, inkişafa və gələcəyə doğru uğurlu addımlar atmışdır. Buna misal olaraq , Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalibiyyəti və bu müsabiqəyə ev sahibliyi etməsi, “Baku 2015 Olimpiya” yarışlarının ölkəmizdə keçirilməsi, “İslam Oyunları”, “Formula1” yarışları və.s. keçirliməsi ölkəmizi dünya miqyasında daha çox tanınmasına və xarici ölkə vətəndaşlarının diqqətini cəlb etmişdir ki, bu da özünü ölkəmizin iqtisadi və mədəni sahədə inkişafına səbəb olmuşdur. Bu və bunlar kimi istər iqtisadi, istər siyasi, istər elmi, mədəni bütün sahələrdə  uğur və nailiyyətlər bu gün kimi gələcək günlərdə də daim dünya miqyasında özünü göstərəcək və ölkəmizin adı öz müstəqil siyasəti, mədəni,elmi .sosial-iqtisadi uğurları ilə daim öz imzası ilə tanınacaqdır. Bizim vəzifələrimizdən biri də məhz  müstəqillik və dəyərlərimizi qoruyub onlara sahib çıxmaq və onları tanıtmaqdır.

Müəllif: Bəsti İBADOVA