«Heç nə bilməyən» antik yunan filosofu niyə edam olundu?

50

«Heç nə bilməyən» antik yunan filosofu

O da dünyada bir çox məşhur kişilər kimi qadın sarıdan bəxti gətirməyən dahi şəxslərdəndir. Deyilənə görə, o, ömrünün axırınacan bir qadınla yaşayıb. Lakin bu qadın sarıdan heç də bəxti üzünə gülməyib. Rəvayətə görə, bir dəfə yaxın dostu ilə evlərinə gələn bu şəxs arvadının həmişəki kimi deyindiyini görüb sakitcə keçib əyləşir.

Həyat yoldaşı isə ərinin yanında dostunun olmasına məhəl vermədən tənbehinə davam edir. Ərinin hələ də susduğunu görən qadın hirsindən əlindəki su qabının içindəki suyu bu dahi şəxsin başına tökür. Onun son dərəcə soyuqqanlığını görən dostu «niyə arvadının cavabını vermədin?» deyir. O isə «göy guruldayandan sonra, həmişə yağış yağır» cavabını verir. Söhbət antik dövrün dahilərindən olan qədim yunan filosofu Sokratdan gedir. Elə məhz bu hadisədən sonra Sokratın məşhur «Evlənməkdə qorxulu heç nə yoxdur. Sadəcə, əgər arvadınız yaxşıdırsa xoşbəxt, pisdirsə filosof olarsınızg» aforizmi yaranıb.

 Sokrat Afinada doğulub. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış.

 Sokrat öz dövrünə görə yaxşı təhsil almışdı. Onun oxuduğu məktəbdə şagirdlərə o vaxt yunanların bildiyi hər şeyi öyrədirdilər. Amma orada öyrəndiklərinin həyatda ona demək olar ki, heç bir yararı olmurdu. Sokrat belə hesab edirdi ki, fəlsəfə insan həyatından ayrılmamalıdı. Əgər neçə illər ərzində gözünün qorasını əridib öyrəndiyin elmin həyatda sənə bir qara qəpiklik əhəmiyyəti yoxsa, bunun nəyi elmdir ki?

O, məktəbi bitirəndən sonra bir müddət daş yonmaqla atasının yolunu davam etdirir. Bununla yanaşı həm də anasının da sənətini davam etdirirdi. Necə?.. Anası Fenaretanın mamaça olmağından danışan Sokrat deyirdi ki, o da anasının peşəsinə oxşar işlə məşğuldur. Sadəcə, anası adamlara, o isə fikirlərə doğulmaqda kömək edir.

«Zevs adam balası kimi yaşamağı bacarmır»

Sokrat təhsili bitirəndən sonra atasının yanında daşyonan işləyəndə görürdü ki, bu biliyin onun həyatına heç bir faydası yoxdu. «Allah»lar haqqında öyrəndiklərini yadına salırdı. Antik yunanlarda çoxallahlılıq olub. Baş «allah» isə Zevs idi. Zevs haqda öyrədilirdi ki, o, güclüdür, qorxuludur, kim xoşuna gəlir, kömək edir, kimdən acığı gələrsə, ildırım göndərib onu vurur. Daşdan olan məbəddə Zevs əlində ildırım tutan qoca kişi kimi təsvir olunurdu. Reputasiyası da örnək olacaq deyildi: Zevs çarlığa öz atasını göydən cəhənnəmə yuvarlamaqla gəlib. Sokrat bütün bunları, Zevsin öz arvadı ilə dalaşmasını, onu aldatmasını, bir dəfə içib lül-qənbər olmasını, bundan sonra «allahların» və adamların onu aldatmasını öyrənəndə düşünürdü: Bu Zevs özü adam balası kimi yaşamağı bacarmır. Ondan nə öyrənək?

O bilirdi ki, bu heykəllər allah ola bilməz. Düşünürdü: yox, bunlar allah-filan deyil, adamlara da bir faydaları yoxdu. Onlar insanlardan da zəif və yaramazdılar. Və o, Allah axtarmağa başladı

Sokrat aradığını tapmışdı. Bu, onun içindəki səs idi. Ancaq bu məqama çatanda artıq atası ölmüşdü.

«Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi»

Sokrat hələ sağlığında Aristofanın komediyalarının personajına çevrilmişdi. Təbii ki, komik planda. Ölümündən sonra isə Platon və Ksenofont onun haqqında tərifli əsərlər yazdılar. Sokratın əsas şöhrəti Delfi məbədinin kahini onu insanların ən müdriki adlandırandan sonra başladı. Sokrat özü haqqında «Onu bilirəm ki, heç nə bilmirəm» deyirdi. Delfi kahini bu elanı verəndən sonra Sokrat deyirdi: «Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi. Başqaları bunu da bilmir». Sokratın metodunun özülündə «xeyirxahlıq (saleh əməl) bilikdir», bir az dəqiqləşdirilsə, «insan xeyirxahlığı ağılın bir vəziyyətidir» paradoksu dururdu.

Platonun «Apologiya»sına görə, Sokrat özünün heç nə bilməməsi barədə «təmiz həqiqəti» deyəndə Allahın müdrikliyinin yanında insan elminin çox cüzi olduğuna diqqət çəkmək istəyirdi. Özünün «cəhlini» iqrar edir, müsahiblərini də bu halı yaşamağa təhrik etməyi qəsd edirdi.

Qurban xoruz

Sözü açıq və üzə deməyi ona çoxlu düşmən qazandırmışdı. Xüsusən varlılar onu sevmirdilər. Sofistləri heç sevmirdi. Hətta edamında da bunun rolu olub. Rəvayətə görə, bir dəfə Sokratdan soruşublar ki, sofistlər kimdir? O, belə cavab verib ki, «Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər». Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon isə onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib

Məhkəmə zamanı Sokrat özünü çox məğrur aparıbmış. Heç müdafiəsinə də çalışmayıb. Məhkəmədə isə «Mən onsuz da bir gün ölüb o dünyaya gedəcəkdim. Siz sadacə, bunu tezləşdirirsiniz», — deyib. Daha sonra hakimlərə: «Mən bilirəm, ağlayıb gözümün qorasını sıxsam, sizin üçün xoş olar. Amma nə mənə, nə də başqalarına yaraşmaz ki, ölümdən ləyaqətsiz yolla qaçaq. Bütün təhlükələr zamanı ölümdən çıxış yolu var, əgər özünə hörmət etməsən. Şərdən qaçmaq ölümdən qaçmaqdan daha çətindir. Şər ölümdən daha cəlddir və adamı daha tez yaxalayır. Mən dünyaya bir də gəlsəydim, yenə bu cür davranardım», — deyib.

Ölümqabağı şagirdlərini başına yığıb söhbət etməyi də unutmayıb Sokrat. O, hətta ölüm ayağında da özünü çox diri və şux aparırmış.

Sokrat o dövr üçün ən məşhur ölüm cəzalarından birinə məhkum edilir. Onun bədəninə iynə ilə zəhər vururlar. Lakin o ölümqabağı çox deyib güldüyündən «həkimlər» xüsusilə onun üçün normadan artıq zəhər hazırlamaq məcburiyyətində qalırlar. Həkim onun bədəninə dərmanı yeridəndən sonra yaxınlaşıb Sokratın ayaqlarını əli ilə sıxaraq «hiss edirsənmi», — deyə soruşub. «Yox» deyə Sokrat cavab verir. «Bir qədər sonra soyuma ürəyinə yaxınlaşacaq, artıq onda dünyanı dəyişəcəksən», — deyə həkim bildirib.

Sokratın məhkəmədəki son nitqindən parçalar

«Özünüz dəyişin ki, dünyanı da dəyişin»
«Həmişə, hər yerdə, ən güclü olanlar oğrulardır.»
«Bunu yaxşı bilin ki, mənə min dəfə də ölüm tələb olunsa da, heç vaxt öz yolumu dəyişməyəcəyəm.»
«Dövlətdə ədalətsizliyin, korrupsiyanın və əyriliklərin qarşısını almaq istəyən heç bir kəs sağ qala bilməz.»
«İnsanları öldürməklə davam etdiyimiz pis həyatın qınanmasının qarşısını alacağınızı düşünürsünüzsə, səhv edirsiniz.»
«Mən ictimai asayiş və üstün maraq (hakim siniflərin maraqları) üçün həqiqətən təhlükəli idim. Çünki bu dünyada həqiqəti söyləməkdən daha böyük alçaqlıq və xəyanət yoxdur!»

Sokratın ölümqabağı son sözü isə bu olub: «Asklepi üçün bir xoruz qurban kəsməyi unutmayın». Asklepi qədim yunanlarda müalicə allahı sayılırdı. Sokrata vurulan zəhəri də həkimlər Asklepinin yardımı ilə icad ediblər. Ona görə bir qurban kəsməyə dəyər.

Aptekçilərdəki mücrü kimi

«Qarqantua və Pantaqruel»in girişində böyük fransız yazıçısı Rable öz satirik-yumoristik kitabını Sokratla müqayisə edərək yazır: «Alkiviad özünün böyük müəllimi, filosoflar filosofu Sokratı vəsf edərək onu silenlərlə müqayisə edir. Qədimdə mücrüləri belə adlandırırdılar. İndi belə mücrülər aptekçilərdə olur. Onların üstündə gülməli və əyləncəli şəkillər olardı. Məsələn, buynuzlu quş, Asiya yarasası, yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar. Bu şəkillər adamlarda gülüş doğurardı. O mücrülərin içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu və sair olardı. Alkiviadın fikrincə, Sokrat da belə birisi idi. Əgər siz onun zahirinə baxsanız, görkəminə görə dəyərləndirsəniz, bir qara qəpik də verməzsinizmiş. O qədər çirkin, oturuşu-duruşu, ədaları o qədər pis imiş kig Burnu fındıq kimi, baxışları əcaib, gözləri qıyıq — elə bil çim altından qurbağa baxır. Bundan başqa, sifətinin ifadəsi küt, paltarı töküldüm-itdim imiş. Özü kasıb — it günündə yaşayır, qadınlar sarıdan bəxti gətirmirmiş. Heç bir dövlət qulluğuna yaramırmış. Şərab içəndə küpəsinə girərmiş. Daim gülər — dişlərini ağardar, lağlağı edərmiş — bir sözlə, zahirən xalis zırrama imiş. Bütün bunların arxasında isə o, böyük müdrikliyini — ilahi vergini gizlədərmiş. Bu mücrünü açsan, içində ecazkar təfərrüat, fövqəladə ləyaqət, fövqəltəbii iti ağıl, tayı-bərabəri olmayan ayıqlıq, yenilməz igidlik, həyatsevərlik, möhkəm, sarsılmaz ruh, fani insanların uğrunda özünü öldürdüyünü, başını daşdan-daşa vurduğunu, əziyyət çəkdiyi hər şeyə qarşı sonsuz nifrət görərdin».

Nigar İxtiyarqızı