Uşaq sevincinə şərik olmaq xoşbəxtliyi

110

Bu gün Bakı şəhərində yerləşən “Uşaq siğinacaq ev”lərindən birində qonaq olduq. Sözün düzü birinci dəfə idi belə bir tədbirdə iştirak edirdim. Uşaqlar mənim dünyamda həmişə gülməli, dəcəllik etməli, sevinməlidirlər (çox şükür özüm elə bir uşaqlıq dövrü yaşamışam). Lakin burada ilk baxışda uşaqların (aralarında körpələr də var idi) hüzn, şaşqınlıq, qorxu, sevinc, həyəcan hissləri bir birini əvəz edirdi. Qapıdan girən hər birimizi diqqətlə izləyirdilər. Bəziləri kənara qaçıb uzaqdan sual dolu baxışlarla bizə baxırdılar, bəziləri isə “siz kimsiz”, “Haradan gəlmisiniz?”, “Şaxta baba da gələcək?” kimi suallar verirdilər. Ancaq 1 saatımız var idi. Bu bir saat ərzində uşaqlarla ünsiyyətdə olmalı, onları birazda olsa sevindirməli idik.

Demək olar ki, hamısı bizimlə oynadı, şəkil çəkdirdi, Şaxta babanın suallarına cavab verdi, şeir deyib, tapmaca tapdılar. Di gəl, bəziləri «bizim şəklimizi çəkmək olmaz», — deyə qaçıb gizləndilər. Çox kövrəldim… nə baş verdiyini bir müddət başa düşə bilmədim. Axı bayaqdan bizimlə birgə əylənən uşaqlar niyə qaçdı, hara getdi?! Daha sora tərbiyəşilərindən öyrəndim ki, bəzi uşaqların şəkilləri heç bir yerdə işıqlandırılmamalıdır, onlar hətta yaşadıqları evdən belə kənara çıxa bilmirlər. Bu qədər kiçik yaşda uşaqların çiyinlərində bu qədər böyük yük varmış. Təəssüf… Amma əgər bu gün yerindən durmayan İbrahimi oynamağa razı sala bildiksə, Əli onu öpməyə icazə verdisə, Nəzrin saçının hörgüsünü bəyəndisə, hələ altı ayı tamam olmamış balanın üzünü güldürdüksə çox sevinirəm. Arzum budur hər bir ev Yeni il ərəfəsində böyüklərimizin xeyir-duasına və övlad sevincinə bürünsün.

Güllü ABDULLAYEVA,
BSU-nun əməkdaşı